ABŞ-İran danışıqları| Tramp İsrailə hansı zəmanətləri təklif edir?

2025/06/1749625464.jpg
Oxunub: 477     10:40     12 İyun 2025    
İyun ayının 9-da ABŞ Prezidenti Donald Tramp ölkənin aparıcı iqtisadçıları ilə görüşdə iştirak edərkən jurnalistlərlə qısa söhbəti zamanı İsrailin baş naziri Benyamin Netanyahu ilə bir gün öncə 40 dəqiqəlik telefon danışığına toxunub. O bildirib ki, Netanyahuya münasibətlərin nizama salınmasında diplomatik üsullara üstünlük verməyi tövsiyə edib.

“Mən ona dedim: sənə İranla danışıqlar aparmaq lazımdır. Bu, daha yaxşı olacaq. Bu, yəqin ki, bu gün sənə təklif edə biləcəyim ən yaxşı fikirdir. Qalx və danışıqlara başla”, - deyə Tramp Netanyahuyla danışığını belə təsvir edib. O, həmçinin əlavə edib ki, ABŞ İranla “dağıntıların və ölümlərin qarşısını alan” bir razılaşmaya nail olmağa çalışır.

ABŞ prezidenti elan edib ki, İranla Oman vasitəçiliyi ilə aparılan danışıqların növbəti mərhələsi iyunun 12-də baş tutacaq. “Biz həmin vaxta qədər gözləyəcəyik. Onlar (uran zənginləşdirmə proqramından) imtina etmək istəmirlər, biz isə – əksinə, onların bunu dayandırmasını istəyirik”. Trampın fikrincə, “İran hələ də ABŞ-nin istədiyi mövqeyə gəlməyib”. O, İranın təklif etdiyi saziş variantını ABŞ üçün “qəbuledilməz” adlandırıb: “Bu barədə danışmaq mənim üçün xoş deyil, çünki alternativ çox pisdir”.

Lakin iyunun 9-da ABŞ prezidentinin bəyanatları iki mühüm mesaj verir: O, İsrailin Baş nazirinə İranla danışıqlara başlamağı təklif edib, eyni zamanda isə Qəzzada nizamlama prosesinə “hətta İranın da” cəlb olunduğunu işarə edib.

Yəqin ki, İranın dövlət televiziyası vasitəsilə yaydığı, İsrailin nüvə proqramı və obyektləri haqqında kəşfiyyat məlumatlarının əldə olunması ilə bağlı məlumatlar ciddi əsaslara söykənir. Bu isə o deməkdir ki, Tehran bu məlumatlardan ABŞ ilə danışıqlarda istifadə edə bilər. Böyük ehtimalla, İsrailin “nüvə arsenalının” əsas himayədarı ABŞ-dir.

İran-İsrail danışıqları hansı əsasla başlaya bilər? İran öz nüvə proqramını İsraildən gələn təhdidləri balanslaşdırmaq zərurəti ilə əsaslandırır. ABŞ prezidenti Netanyahuya İranla bağlı heç vaxt hücum etməyəcəyi ilə bağlı zəmanət verməyi təklif edir, yoxsa hər iki tərəfin nüvə silahı əldə etmək hüququndan imtina etməsinə nail olmağa çalışır?

Donald Trampın prezidentliyinin ilk beş ayında beynəlxalq siyasət sahəsində heç bir real uğur əldə olunmayıb. Onun Rusiya-Ukrayna danışıqlarında vasitəçiliyi sual altındadır, İsrail-Fələstin nizamlaması da hələlik nəticə vermir və əgər İranın nüvə proqramı üzrə danışıqlar da nəticə verməsə, Yaxın Şərq daha genişmiqyaslı müharibə səhnəsinə çevrilə bilər.

İsrailin Baş nazirinə İranla danışıqlara başlamaq təklifi o bir vaxtda edilir ki, İsrail müxalifəti Netanyahunu artıq açıq şəkildə HƏMAS-a maliyyə dəstəyi verməkdə ittiham edir. Müdafiə naziri olmuş Liberman bəyan edib ki, Netanyahu HƏMAS-ı dəstəkləyib ki, Fələstin Muxtariyyətinə alternativ yaratsın.

Əvvəllər Liberman bildirmişdi ki, İsrail üçün əsas təhlükə İrandır və “ilanın başı əzilməlidir”. ABŞ prezidenti isə əksinə, Netanyahuya İranla danışıqlara başlamağı tövsiyə edir. Görünür, Oman vasitəçiliyi ilə ABŞ-İran danışıqları elə bir mərhələyə çatıb ki, İran əgər ABŞ də İsraili bu arsenaldan məhrum edərsə, nüvə silahı proqramından imtina etməyə hazır olduğunu bildirir.

Donald Tramp çox çətin bir vəziyyətə düşüb. İrana yönəlmiş təhdidlərə baxmayaraq, ABŞ prezidenti yəqin ki, hesablayıb ki, Tehrana qarşı güc tətbiqi ağır nəticələrə gətirib çıxara bilər və bu nəticələr ilk növbədə Yaxın Şərqdə və ətraf regionlarda ABŞ-nin maraqlarını təhlükə altına salar. Bu məsələdə səhvə yol vermək haqqı yoxdur. Lakin onun Rusiya-Ukrayna danışıqlarında vasitəçiliyə dair uğursuzluğu əksini göstərir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Tramp   İsrail  


Bizi "telegram"da izləyin